Endometrioz hiperestrogenik vəziyyətlərin ən tez-tez rast gəlinən təzahürlərindən biridir. Endometrioid toxumalarda lokal aromataza aktivliyinin artması, estrogen sintezinin artmasına və nəticədə adenomiyoz ocaqlarının inkişafına və endometriozun irəliləməsinə səbəb olur.
Endometriozun əsas əlaməti ağrılı menstruasiyalardır. Menstrual qanaxma həddindən artıq çox olur və uzun müddət davam edir. Daimi qanaxmalar xroniki dəmirdefisitli anemiyanın əmələ gəlməsinə səbəb ola bilər.
Sonsuzluq, genital endometriozun əsas xarakterik təzahürlərindən biridir. O, yumurtalıqlarda follikulların sayının azalması, kiçik çanaqda orqanlar arasında bitişmələrin olması, uşaqlığın selikli qişasının strukturunun və funksiyasının təkrarlanan qanaxmalar nəticəsində pozulması, hormonal pozğunluq nəticəsində meydana gəlir.
Endometrioz fonunda hormonal disbalans yaranır və nəticədə endometriumun keyfiyyəti aşağı düşdüyü üçün hamilə qalmaq çətinləşir. Belə qadınlara tez-tez kombinə edilmiş peroral kontraseptivlər və ya gestagen tərkibli hormonla preparatlar qəbul etmək tövsiyə edilir. Lakin nəzərə almaq lazımdır ki, bu taktika endometrioz zamanı ağrıların azalmasına yönəldilmişdir və bu preparatların qəbulu hamiləlik planlayan qadınlar üçün uyğun olmaya bilər.
