Estrogenlər, aromataza fermentinin təsiri ilə həm qadın, həm də kişi orqanizmində testosterondan sintez olunur. Aromataza fermenti kişilərdə testislərində (xaya), süd vəzilərində və piy toxumasında mövcuddur.
Kişi orqanizmində estrogenlər spermatozoidlərin yetişməsində və seminal mayenin sintezində mühüm rol oynayır, həmçinin potensiyanın tənzimlənməsində iştirak edərək intim və reproduktiv sağlamlığın qorunmasında önəmli rol oynayır.
Hər iki qrup hormonlar, yəni həm androgenlər, həm də estrogenlər, kişi orqanizminin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edirlər. Androgen/Estrogen nisbətinin pozulması kişilərdə bir sıra xəstəliklərə səbəb ola bilər. Hiperestrogeniya, estrogenlərin testosterondan sintezinin artması və nəticədə qanda və toxumalarda səviyyəsinin normadan çox olmasıdır.
Yaşla, kişilərdə aromataza aktivliyi artır, bu da estrogen sintezinin artmasına və androgen səviyyəsinin nisbi azalmasına səbəb olur. Estrogen/androgen nisbətinin optimal indeksi pozulur, bu da müxtəlif xəstəliklərlə, həmçinin prostat vəz adenoması, prostat vəz hiperplaziyası, sonsuzluq kimi xəstəliklərlə nəticələnə bilər.
Artıq çəkidən əziyyət çəkən kişilərdə aromataza fermentinin aktivliyi artır. Aromataza fermentinin yüksək aktivliyə malik olduğu piy toxuması hüceyrələrində daha çox estrogen sintez edilir ki, bu da öz növbəsində bədəndə estrogen səviyyəsinin artmasına və estrogen/testosteron balansının pozulmasına səbəb olur. Hiperestrogeniya nəticəsində bu dəyişikliklər kişilərdə bel və sinə nahiyəsində piy toxumasının daha da artmasına, potensiyanın azalmasına, emosional gərginliyə və əhval-ruhiyyənin pisləşməsinə, əzələ zəifliyinə, həmçinin prostat vəzinin hiperplaziyası və adenoması kimi bir sıra xəstəliklərin inkişafına səbəb olur. Kişilərdə estrogen/testosteron nisbətinin pozulması həmçinin keyfiyyətli spermatozoidlərin yetişməsi prosesinə tormozlayıcı təsir göstərə bilər və beləliklə sonsuzluğa da səbəb ola bilər.